Dislaliya

Dislaliya
3 may, 2023 Yeganə Mirzəyeva

Dislaliya

 

Dislaliya uşaqlar arasında ən geniş yayılmış nitq qüsurudur. Araşdırmalara görə məktəbəqədər yaşlılar arasında 15-20%, kiçik, ibtidai sinif şagirdləri arasında 5-7% uşaq dislaliya qüsuruna malikdirlər.

Dislaliya sözü yunancadan tərcümədə “dis” (hissəvi pozuntu) “laliya” (nitq) pozulmuş nitq deməkdir.

Dislaliya mənşəyinə görə 2 növə ayrılır: funksional və mexaniki

Funksional dislaliyada artikulyasiya aparatında heç bir çatışmazlıq müşahidə edilmir. Bu qüsurun yaranmasının səbəblərindən ən geniş yayılmışı uşaqların ailədə düzgün nitq tərbiyəsi almamasıdır. Bəzən ana, ata uşağın nitqini təqlid edir, onunla “uşaq dilində” danışırlar.

Ailədə ikidillilik də, uşağın nitqinə mənfi təsir göstərir və qüsur yaradır. Çox vaxt dislaliya pedaqoji baxımsızlığın nəticəsində də meydana çıxır.

           Mexaniki dislaliya artikulyasiya aparatının qüsurları nəticəsində yaranır.

Mexaniki dislaliyanın yaranmasının başlıca səbəbi kimi dilaltı pərdənin qısalığını göstərmək olar. Dilaltı pərdənin qısalığı dilin hərəkətini məhdudlaşdırır. Dilin həddindən artıq böyük, enli, ensiz və ya qısa olması da dislaliyanın yaranmasına səbəb olur.

Çənənin quruluşundakı qüsurlar da, düzgün səs tələffüzünün yaranmasına mənfi təsir göstərir. Səs tələffüzünə mənfi təsir  göstərən amillərdən biri də damaq qüsurlarıdır. Dar, həddindən artıq hündür (qatik tipli) damaq və ya yastı, çox aşağıda olan damaq bir çox səslərin düzgün tələffüzünü çətinləşdirir.

Əgər tələffüz zamanı 4 səs qüsurlu olarsa sadə dislaliya, 5 və ya daha artıq səs qüsurlu tələffüz edilərsə, bu mürəkkəb dislaliya adlanır.

Uşaqda səs tələffüzü qüsurunu aşkara çıxarmaq üçün hansı səslərin qüsurlu tələffüz olunduğunu bilmək lazımdır. Bunun  üçün uşağa hər bir səsi əvvəldə, ortada və sonda işləndiyi şəkillər göstərilir.

 

Səs qüsurunun aradan qaldırılması üç üsulla həyata keçirilir:

1)Yamsılama (təqlid)

2) Mexaniki (loqopedik zondların köməyi ilə)

3) Qarışıq (hər iki üsulla)

 

Səsin qoyuluşu aşağıdakı mərhələlər üzrə aparılır:

1. Qoyulacaq səsin tələffüzünə hazırlamaq;

2. İzolə olunmuş səsin alınması;

3. Səsin hecalarda möhkəmləndirilməsi;

4. Səsin sözlərdə möhkəmləndirilməsi;

5. Səsin cümlələrdə möhkəmləndirilməsi;

6. Səsin sərbəst nitqdə möhkəmləndirilməsi.

 

Uşaqlarda 4-5 yaşda artıq bütün səslər düzgün tələffüz olunmalıdır. Əgər hər hansı bir səsdə qüsurlu tələffüz olunursa mütləq loqapedə müraciət edilməlidir. Dislaliyanın korreksiyası üzrə məşğələlər həftədə 3 dəfədən az olmayaraq aparılmalıdır. Loqapedin tapşırıqlarının evdə edilməsi də, vacib şərtdir.