Gemi adamlarinda stress

gemi adamlarinda stress
26 mar 2024 Yegane Tofiqqızı

Gemi adamlarinda stress

    Dəniz bəziləri üçün istirahət yeri, bəziləri üçün sakitlik, bəziləri üçün qorxu mənbəyidir. Bəlkə də çoxumuz qorxuların həyatımızda nələrə səbəb olduğunu düşünmüşük. Qorxularımız bəzi xəstəlikləri də bərabərində özü ilə gətirir. Bunlar fiziki və psixoloji xəstəliklərə bölünür. Təbii ki, ixtisasımla əlaqədar olaraq dənizçilərdə baş verən psixoloji pozuntular və onlarla mübarizə yolları haqqında da açıqlamalar verəcəyəm. Əvvəla qeyd etmək istəyirəm ki, bu mövzunu təsadüfən seçsəm də, araşdırdıqca diqqətimi daha çox cəlb etdi. Məncə,bu mövzu ciddi araşdırma tələb edir. Bildiyimiz kimi, insan sağlamlığının qorunması həm fiziki, həm əqli, həm də emosional baxımdan çox çətin bir prossesdir. Lakin, gəmidə və dənizin ortasında bu proses daha mürəkkəbdir. Dənizçilərin qarşılaşdığı çətinliklər  elə də az deyil : məhdud şəraitdə həkimə müraciət etmək, dərman imkanlarının da məhdud olması, sevdiklərindən, onların qayğı və nəvazişindən uzaq qalmaq asan deyil. Dəniz sənəti çətindir. Bu səbəbdən immun sistemi zəifləyir və xəstəliklərə yoluxma ehtimalı da artır. Əməkhaqqı və maddi cəhətdən insanlara nə qədər cəlbedici gəlsə də , dənizdə işləmək peşələr arasında olduqca çətin peşə sayılır. Dəniz qəzaları araşdırıldıqda bu qəzaların səbəbləri çox vaxt yorğunluq, stress, ehtiyatsızlıq, diqqətsizlik və s. ola bilər. Bu da dənizçilik sektorunda insan amilinin nə qədər önəmli olduğunu göstərir.

  İnsan və ətraf mühitin qarşılıqlı təsiri nəticəsində insan orqanizmi mənfi prosseslərə reaksiya göstərir , bu da stress adlanır. Stresli  vəziyyətdə olan insan ətrafda baş verən qalan siqnallara ya reaksiya vermir və ya daha çox reaksiya verir. Bununla belə, yüksək stress ölümcüldür, çünki insan bu vəziyyətdə normaldan `daha çox enerji sərf edir və ani enerji sərfiyyatı stres pozuntusuna və yorğunluğa səbəb olur. Normadan artıq  gərginlik dənizçilərdə də duyğusal emosional vəziyyət yaradır. Aparılan araşdırmalar nəticəsində dənizçilik sahəsində bir çox risk faktorundan qaynaqlanan yüksək stresin olduğu da müəyyən edilib.

  İngilis dilində "bumout" adlanan və insan gücünün azalması mənasını verən “tükənmişlik anlayışı” 1974-cü ildə Herbert Freudenberger tərəfindən istifadə edilmişdir. Onun fikrincə, tükənmişlik-enerji və resurslara ehtiyac duyulması və bunun uğursuzluq ilə nəticələnməsi, zehni yorğunluq, güc və enerji itkisidir. Tükənmişlik eyni zamanda  həm də peşə fəaliyyətinə də təhlükə yaradır.

İllərlə gəmidə işləyən insanlarda ümumi bir yorğunluq halının olduğunu müşahidə edə bilərik .Yorğunluqla yanaşı, gəmiyə uyğunlaşa bilməmək, spirtli içki və siqaret kimi asılılıq yaradan maddələrə marağın artması, gəmidə həyatdan həzz ala bilməmək, yuxu və həzm pozuntusu, baş ağrıları, işə marağın azalması, iş keyfiyyətinin və performansının aşağı olması kimi hallar da müşahidə olunur. Çünki insanlar ilə ünsiyyətin azalması, bir müddət sonra davam edən monoton həyat və stabil işin davamlı təkrarlanması gəmidə işləyən insanlarda motivasiyanın azalmasına, həyatdan alınan zövqün tükənməsinə səbəb olur.

  Depressiyanın mənşəyi Latın dilindən götürülüb. Bu sözün mənası “depressus” sözündən gəlir, aşağı itələmək, basdırmaq deməkdir. Depressiya mental depressiya və çökmə mənasını verən psixoloji bir xəstəlikdir. Başqa sözlə, depressiya böyük kədər, günahkarlıq, narahatlıq, dəyərsizlik, yuxu və yemək pozuntusu, cinsi istəyin itməsi, digər insanlardan, o cümlədən ailə üzvlərindən uzaqlaşma, başqa gündəlik fəaliyyətlərə laqeydlik kimi müşahidə edilən əhval pozuntusudur. Peşəsi dənizçilik olan insanlarda depresiya və bunun irəliləyən zamanlarda intihar ilə nəticələnməsi halları daha çoxdur. Depressiyadan qaynaqlanan intiharların çoxunun uzun məsafəli gəmi səyahətlərində və yüksək rütbələrdə baş verdiyi də bilinir. Depressiyaya təsir edən və səbəb olan stres,  tənhalıq kimi mövzuların araşdırılmasında fayda var, çünki,  depressiya mövzusunda daha geniş məlumat bazasının yaradılması da önəmlidir.

Daha ətraflı  https://www.denizticaretgazetesi.org/makale/gemi-adamlarinda-stres-4841