Hiperaktiv usaqlarda mualicevi idman

hiperaktiv usaqlar
24 Sen, 2023 Elnur İsmayılov

Hiperaktiv usaqlarda mualicevi idman

Hiperaktiv uşaqlarda müalicəvi idmanın faydaları

     İlk öncə hiperaktiv uşaqlarda nəzərə çarpan əsas mənfi hallardan bir neçəsini qeyd etmək istəyirəm:

  1. Diqqət dağınıqlığı: Hiperaktiv uşaqlarda tez-tez diqqətlərinin dağıldığını müşahidə etmək olar. Məktəbdə yaxud digər yerlərdə müxtəlif aktivliklər zamanı diqqətini həmin fəaliyyətə verə bilmir və bu, həmin fəaliyyətdə uşağın həmyaşıdlarından fərqlənməyinə, geri qalmağına səbəb olur.
  2. Daima hərəkət halında olmaq: Daima hərəkət halında olan uşaq sinifdə yerində dura bilməmək,tez-tez yerini dəyişmək və s. kimi uyğun olmayan hərəkətlər icra etməyə başlayır.Hərəkətlərini idarə etməkdə çətinlik çəkdiyi üçün ətrafındakı həmyaşıdlarına və əşyalara istəməsə də zərər vura bilər.    
  3. Səbrsizlik: Əsasən gözləmə problemi olan uşaq sinifdə müəllimin verdiyi təlimatlara uyğun gözləməkdə, sırada dayanmaqda, oyun növbəsini gözləməkdə səbrsizlik göstərər.
  4. Sosial sıxıntılar: Sadaladığım digər halların hər biri nəticədə uşağın sosial həyatına mənfi təsir edir və həmyaşıdları ilə dostluq əlaqələri qurmaqda həmçinin bu əlaqəni davam etdirməkdə çətinlik çəkir.

 

     Qısaca qeyd etdiyim bu hallar əsasən uşaqların sosial mühitdə həyat səviyyəsini aşağı salır. Təbii olaraq bu təsirlər öz növbəsində ailə və ətraf mühitə də xoş təəssürat bağışlamır. “Bəs bu halları aradan qaldırmaq üçün nə edə bilərik?” sualına cavab tapmaq istədikdə bir neçə sahənin səfərbər olduğunu görə bilərik. Həmin sahələrdən biri müalicəvi idmandır. Müalicəvi idmanın əsas məqsədləri arasında uşağın öz bədənini daha yaxşı tanıması və özünü daha yaxşı idarə etməsi mühim yer tutur. Bunu təmin etmək üçün ilk öncə mütəxəssis nəzarətində uşağın fiziki uyğunluğu test edilməli və fərdə uyğun proqram hazırlanmalıdır. Müalicəvi idmanın yuxarıda qeyd etdiyim mənfi halların müsbət hallara çevrilməyində nə kimi təsir etdiyini sıra ilə qeyd etmək və evdə məşğul ola biləcəyiniz bir neçə tapşırığı diqqətinizə çatdırmaq istəyirəm.

  • Birinci qeyd etdiyim hal olan diqqət dağınıqlığını müalicə etmək üçün istifadə olunan tapşırıqlardan biri diametri uşağın əli ilə tutmaqda çətinlik çəkməyəcəyi böyüklükdə olan topu divara atıb-tutmaqdır. İkinci tapşırıq olaraq ayağı ilə topu vuraraq çərçivəyə salmasını qeyd etmək olar. Bu tapşırıqlar əl-göz, ayaq-göz koordinasiyalarını artırmaqda, reaksiya müddətini azaltmaqda ən əsası da diqqət dağınıqlığını aradan aparmaqda kömək olur.
  • İkinci qeyd etdiyim daimi hərəkətlilik halını nizama salmaq üçün isə müəyyən bir hündür əşya üzərinə çıxaraq səbətə top atdırmaq, dairənin içində dayanaraq  digər dairələri halqanın içinə atmaq və s. qeyd etmək olar. Bu tapşırıqlar uşağın əsasən yerini dəyişmədən hərəkətini təmin edərək hərəkətliliyini azaldıb gözləmə müddətini artıracaqdır.
  • Üçüncü qeyd etdiyim səbrsizlik halında isə masa üzərində kiçik diametrli topları ona doğru ataraq tutmağını istəyə bilərik. Bu zaman özünü sizin təyin etdiyiniz müddətdə səbrli davranaraq gözləməyə məcbur edəcək.
  • Sonuncu qeyd etdiyim sosial problemləri aradan qaldırmaq üçün həmyaşıdları ilə bir araya gəlməsini təmin edərək qarşılıqlı top atıb tutmaq, biri digərinə top verərək səbətə atdırmaq və s. fəaliyyətləri yerinə yetirmələrini təmin edə bilərik.

 

Bütün bu tapşırıqları yerinə yetirməzdən öncə övladınızın mütəxəssis dəyərləndirməsindən keçməsi mühim şərtlərdən biridir. Uşağın hansı fiziki durumda olduğunu müəyyən etmədən yerinə yetirəcəyiniz hər hansı bir fəaliyyət ona ciddi zərər vura bilər.