Mektebeqeder hazirliq prossesinin ehemiyyeti
Mektebeqeder hazirliq prossesinin ehemiyyeti nedir?
Uşaqlar hər bir millətin gələcəyidir. Bu gələcəyin hər hansı səviyyədə qurulması isə valideynin əlindədir. Sözsüz ki, hər bir valideyn övladına təhsil vermək, onu gələcəkdə savadlı bir şəxsiyyət kimi görmək istəyir. Bunun üçün ilk növbədə uşağın məktəb təhsili alması şərtdir.
Məktəb təliminin başlaması uşağın davranışına təsir edəcək amilləri dəyişir. Belə ki, məktəbə gedən uşağın qarşısına gün rejiminin dəyişməsi, ev tapşırıqlarının hazırlanması və şəxsi əşyalarını səliqəli saxlamaq kimi məsuliyyətlər qoyulur. Əgər uşaq məktəbə əvvəlki prossesləri keçmədən getsə, müəyyən çətinliklərlə qarşılaşacaq. Məktəbəqədər hazırlıq artıq uşaqlarda birinci sinfə aid ilkin məlumatlar formalaşdırır. Onlar sayır, rəngləri öyrənir, canlı və cansız təbiəti tanıyır. “Vətən nədir?”, “Onu kimlər qoruyur?”, “Biz kimik?” kimi məlumatları öyrənirlər.
Uşaq beyni ağ vərəq kimidir, nə öyrətsən həvəslə öyrənir. Hamımız bilirik ki, insan həyatında ən vacib tələblərdən biri nitqdir. Nitqi olmayan insan özünü tək hiss edir. Məktəbəqədər prossesdə uşaqların nitqi inkişaf edir, artıq onlar nəql etməyi öyrənirlər. Məktəbəqədər prosses zamanı uşaq “öyrənmək nədir?” sualını anlayır. Verdikləri cavaba görə onları müxtəlif vasitələrlə qiymətləndirdikdə - mükafatlandırma sistemi ilə - uşaq bundan həvəslənir daha da yaxşı cavab verməyə çalışır.
Məktəbəqədər prossesi ilkin dünya görüşünü, riyazi və məntiqi təfəkkürü, oxu və yazı bacarığını formalaşdırır. İşimizin əsas istiqamətlərindən biri valideynlərlə birgə əməkdaşlıqdır. Məktəbəqədər şagirdlərin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq müntəzəm, sıx əlaqədə olmaq lazımdır. Valideynlərə tövsiyyəm odur ki, uşaqlarla münasibətdə səbrli olsunlar və unutmasınlar ki, qarşısındakı 5 yaşlı uşaqdır. Bəzən şəxsən mənə “Müəllimə, oxumur, yazmır” deyə şikayətlənirlər. Uşağın yazması-oxuması üçün qışqırmaq, acıqlanmaq yox, onları müxtəlif vasitələrlə həvəsləndirmək lazımdır. “Sən oxuya biləcəksən”, “Mən sənə inanıram” kimi cümlələrlə özgüvən yaratmaq mütləqdir. Özünə inanan uşaq həmişə öndə gedəcək, şəxsiyyət olaraq formalaşacaq, vətənə-millətə layiq vətəndaş olaraq yaşayacaq.
Məktəbəqədər hazırlıq prosesini keçmiş uşaqlar üstünlük təşkil edirlər. Bir sözlə məktəbəqədər proses təlim motivasiyasının yaranması və tədricən möhkəmlənməsi rolunu oynayır. Məktəb haqqında bilik və təsəvvürlər yaradır, uşağı təlim fəaliyyətinə adaptasiyasını təmin edir.