Mukafatlandırma və cezalandırma terbiye metodu kimi
-
Mükafatlandırma və cəzalandırma nədir?
-
Necə tətbiq etmək lazımdır?
Mukafatlandırma və cezalandırma uşaq tərbiyəsində ən çox istifadə edilən metoddur. Ya müəyyən davranışları sonlandırmaq ya da davam etdirmək üçün istifadə edilir. Onu qeyd etmək istəyirəm ki, butün sistem mükafat və cəza üzərinə qurulub. Ancaq mükafatı və cəzanı düzgün tətbiq etməmək başqa problemlərə yol aça bilər.
Gəlin əvvəlcə mükafatlandırmadan başlayaq. Mükafatlandırma hər hansı bir davranışın davam etdirilməsi üçün uşağa tətbiq edilən bir metoddur. Bu metoddan istifadə edərkən seçdiyiniz davranış, seçdiyiniz mükafat, eyni zamanda uşağın yaşı çox vacib bir məsələdir. Qısa müddətli faydası olsa da uzun müddətdə bu proses çətinləşməyə və uşaqda doyumsuzluq yaratmağa başlayır. Deyək ki, uşaq yeməyini yemir və siz ona “yeməyini yesən sənə şokalad verəcəm” və yaxud “səni parka aparacam” və s. deyə söz verirsiniz. Ona elə bir şey təklif etməlisiniz ki, onun üçün sizin istədiyiniz davranışı göstərsin. Burada həssas məqamlar var. Belə ki, zaman keçdikcə mükafatın miqdarını artırmaq məcburiyyətində qalacaqsınız. Uşaq zamanla sizin təqdim etdiyiniz mükafatla qane olmayacaq. Bu sistemlə uşaq diqqətini hərəkətə yox mükafata yönləndirir. Və bu zamanla avtomatlaşır. Uşaq hərəkətin mahiyyətini dərk etmədən, sırf mükafat alsın deyə istədiyiniz hərəkəti davam etdirir. Bizim istədiyimiz isə uşaq mükafatla bir işə başlasın, fəqət mükafatsız olaraq hərəkəti davam etsin.
Bunu necə etmək olar?
Uşağın hər hərəkətini mükafatlandırmaq olmaz. Məsələn özünə qulluq vərdişləri, yemək yemə, yatma və s. kimi etməli olduqları işləri aşılamaq və vərdiş halına gətirmək üçün maddi mükafatlardan daha çox sözlü mükafatlara yer verilməsi, təqdir edilməsi daha məqsədə uyğun olar. Bunu edərkən də həddən çox emosional olmaq lazım deyil. Burada məqsəd uşağı davranışa yönəltməkdir. Davranışı maddi mükafatla başlayıb, sözlü mükafatla davam etdirmək ən doğru yoldur. Təqdir olunma, davranışın bəyənilməsi uşaqda müsbət hislər yaradacaq və uşaq bu hisləri yenidən yaşamaq üçün təqdir edilən bəyənilən davranışları təkrar etməyə meyilli olacaq.
Cezalandırma - istənməyən davranışın sonlandırılması üçün tətbiq edilən bir metoddur. Mükafatlandırmada olduğu kimi cəza tətbiq edərkən də diqqətli olmaq lazımdır. Cəza alan uşaq cəzadan qorxarsa, davranışı bitirər. Ancaq əgər davranışı nə üçün sonlandırdığını və ya sonlandırması gərəkdiyini bilməzsə, bu müvəqqəti olar. Bu zaman öyrənmə baş vermir. Cəzanın qorxusu bitdikdən sonra davranışı təkrar edir. Cəzanın öyrədici olması üçün uşaq nə üçün cəzanlırıldığını, davranışını nə üçün bitirməli olduğu bilməlidir. Uşaq nə üçün cəzalandırıldığını bilməzsə, eyni zamanda bu cəza şiddəti yüksək bir cəza olarsa (fiziki və psixoloji şiddətdən söhbət gedə bilməz), bu uşaqda cəzanı tətbiq edən şəxsə qarşı kin, intiqam duyğusu formalaşdırar.
Cəzanı necə tətbiq etməli?
- Hər şeydən əvvəl bizim reaksiyamız uşağın şəxsiyyətinə yox, onun davranışına olmalıdır.
- Biz uşağa səni yox, sənin davranışını bəyənirəm mesajı verməliyik. Bu zaman qəbul edilməyənin onun özü yox, davranışı olduğunu anlayacaq və düzəltməyə meyilli olacaq.
- Uşaq nə üçün cəzalandırıldığını bilməlidir.
- Uşaq həqiqətən də xətalı olduğunu qəbul etdikdən sonra cəzalandırılmalıdır.
- Uşaq etdiyi davranışın özünə və ətrafındakılara verə biləcəyi zərər barədə məlumatlandırılıb, empatiya hissi aşılanmalıdır.
- Cəza davranışa uyğun seçilməlidir. Uşaq etdiyi əməlin nəticələrinə tabe olmalıdır. Səbəb olduğu vəziyyəti özü düzəltməlidir.
- Cəzalandırdığınız davranış hələ də davam edirsə, deməli düzgün tərbiyə metodu seçməmisiniz və ya seçdiyiniz metodu düzgün tətbiq etməmisiz. Bu zaman inad etmədən metodunuzu dəyişin.
Hər bir davranışın mütləq bir səbəbi var. Səbəb tapılıb aradan qaldırılarsa, davranış aradan qaldırılmış olar. Bu durumlarda cəzaya ehtiyac olmaya bilər.
Unutmayın diqqətsizlik ən böyük cəzadır.