Narkomaniya
Narkotik yunanca “narke” sözündən götürülüb “ yuxu, donub qalma, quruyub qalma, mat qalma“ kimi tərcümə olunur. Narkotik maddələr ilk öncələr tibdə istifadə olunmağa başlanmışdır. Bu maddələr insanın düşüncələrinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmələr hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilir. Narkotik maddənin tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran və tədricən onu zəiflədən təsirlər var. Bu səbəbdən də bu maddələrdən istifadə tez bir zamanda asılılıq yaradır. Narkotik asılılığı olan gənclər tez dünyasını dəyişir. Ölüm halları ya narkotikdən artıq miqdarda istifadə etməkdən, ya da bu maddələrdən istifadə zamanı yoluxucu xəstəliklərə yoluxma səbəbindən baş verir.
İnsanlıq tarixinin başlanğıcından etibarən narkotik maddələrin kefverici, ağrı aradan qaldırıcı, xəstəlikləri yaxşılaşdırıcı kimi istifadə edildiyi bilinir. İlkin cəmiyyətlərdə, qəbilə ayinlərində, kişiliyə keçiş mərasimlərində, yuxu məhrumluğu, ağrılarin aradan qaldırılması , rəqs, meditasiya və dualarda belə psixo-aktiv maddələrdən geniş şəkildə istifadə olunurdu. Halusinogenik maddələr ehtiva edən göbələklər Aztek və Maya sivilizasiyalarında, psixo-aktiv bir maddə olan Amanita Muscaria göbələkləri isə Asiya qitəsindəki şaman mərasimlərində istifadə edilməkdə idi. Kokain, Cənubi Amerika yerliləri tərəfindən sərt təbiət şərtlərinə qarşı uzun piyada səfərlərində aclığa və yorğunluğa qarşı bu gün belə istifadə edilməkdədir.
Narkotik vasitələrin bir çox təsnifatları mövcuddur. Nəzarət edilən narkotik vasitələr və psixotrop maddələr müxtəlif əsaslar üzrə aşağıda göstərilən qruplara təsnif edilirlər:
1. Hazırlanması məqsədi üzrə:
- qanuni dövriyyə çərçivəsində hazırlanan narkotik vasitələr
- farmakoloji preparatlar (məsələn, benzodiazepin törəmələri, promedol, hidrokodon, fentanil, omnopon və s.);
- qanunsuz dövriyyə çərçivəsində hazırlanan narkotik vasitələr (məsələn, heroin, efedron, pervitin, amfetamin və s.).
2. Mənşəyinə görə:
- bitki mənşəli narkotiklər və onların emalının məhsulları (məsələn, kokain, meskalin, tiryək, marixuana, psilosin, psilosibin, efedrin və s.);
- yarımsintetik narkotiklər (məsələn, heroin, asetilləşdirilmiş tiryək, dionin və s.);
- kimyəvi sintez yolu ilə əldə edilən sintetik narkotiklər.
Öz növbəsində onlar da 2 alt qrupa bölünür:
- bir, iki mərhələdə elementar kimyəvi reaksiyalar yolu ilə əldə edilən maddələr (misal üçün, efedrindən alınan efedron və pervitin);
- çoxmərhələli sintezlər yolu ilə əldə edilən maddələr (məsələn, amfetamin və onun törəmələri, buprenorfin, fensiklidin, metadon, LSD və s.).
3. Hazırlanma üsulu üzrə:
- kustar (məsələn, efedron, pervitin, asetilləşdirilmiş tiryək, həşiş yağı);
- laboratoriya (məsələn, heroin, amfetamin və onun törəmələri); - sənaye (məsələn, buprenorfin, etilmorfin, hidrokodon, promedol, fenamin və s.).
4. İnsan orqanizminə təsir effektinə görə (farmakoloji təsnifat):
- narkotik analgetiklər (ağrı həssaslığını aradan qaldıran maddələr).
Onlar da aşağıdakılara bölünürlər:
- təbii alkaloidlər (məsələn, morfin, kodein);
- yarımsintetiklər, yəni, təbii alkaloidlərdən hazırlananlar (məsələn, morfindən etilmorfin, tebaindən tekodon, kodeindən hidrokodon);
- sintetiklər (məsələn, promedol, fentanil, estosin);
- psixotrop maddələr (psixi funksiyalara, insanın emosional vəziyyətinə və davranışına təsir göstərən maddələr).
Onlar da aşağıdakılara bölünürlər:
- neyroleptiklər (məsələn, aminazin, karbidin, haloperidol və s.);
- trankvilizatorlar:
a) benzodiazepin törəmələri (məs., fenazepam);
b) propandiolun karbamin efirləri;
v) difenilmetan törəmələri
- antidepressantlar (məsələn, metakvalon, noksiron və s.);
- psixostimulyatorlar(fenilalkilaminlər və onların analoqları – məs., fenamin);
- hallüsinogenlər (məsələn, lizerqin turşusunun törəmələri, fensiklidin, psilosin, psilosibin, dimetiltriptamin).
Narkotik maddələrin fiziki təsirləri:
- Beyin və mərkəzi sinir sistemində yol açdığı fəsadlar: dəlilik, erkən ağıl itirmə, şüur itkisi, yuxusuzluq, iflic, sayıqlama, davranış pozuntuları, hallüsinasiya, zəka və yaddaş pozuntusu
- Həzm sistemi: ürəkbulanma, qusma, qarın ağrıları, qəbizlik, ishal, qanama və yaralar, xora və s.
- Qaraciyərdə: Bu maddələrin orqanizmdən atılması zamanı qaraciyər fəal iştirak edir. Bu səbəbdən də qaraciyər çatışmamazlığı sıx görülən problemdir. Qaraciyərin yağlanması və Sərtləşməsi( sirroz) tez tez baş verir.
- Böyrəklərdə: Albumin, qan və sidik çoxalması, tıxanmalar, çox ağır böyrək xəstəlikləri görülə bilir.
- Gözlər: çəplik, gecə korluğu, göz bəbəyinin böyüməsi və ya kiçilməsi, göz iflici
- Tənəffüs sistemində nəfəs darlığı, öskürək, boğulma, tənəffüs iflici
- Qanda: qansızlıq, qan zəhərlənmələri, qan hüceyrələrində şəkil və miqdar dəyişikliyi, qanın laxtalanması və qanqren.
Norkotik vasitələr təkcə fiziki problemlər yaratmır, eyni zamanda psixoloji və sosial problemləri də özü ilə yanaşı gətirir.