Nitqi inkişaf etdirmeyin yollari (1-3 yaş)
Nitqi inkişaf etdirmeyin yollari (1-3 yaş)
Bu yaş dövründə uşağın aparıcı fəaliyyət forması əşyalarla bağlı manipulyativ, hərəki fəaliyyətdir. Həmin dövrdə uşaqda dərk etmə və hərəki fəallıq sürətlə inkişaf etdiyindən nitqə güclü ehtiyac duyulur. Böyüklərlə birgə müxtəlif əşyalarla bağlı əməliyyatların yerinə yetirilməsi zamanı, hər bir əşyanın adını, nəyə xidmət etdiyini öyrənən uşaqda ətraf aləm haqqında təsəvvürlər formalaşır, lazımi bilik ehtiyatı toplanır, passiv və aktiv lüğət zənginləşir, sosial davranış təcrübəsi yaranır.
Bu yaş dövründə aşağıdakı bacarıqların inkişafına fikir vermək lazımdır.
1. Nitqi təqlid etmə
2. İştirak etmə
3. Öz növbəsini gözləmə
Kiçik yaşlarda uşağın ünsiyyət bacarığını inkişaf etdirmək üçün ən gözəl vasitə gündəlik situasiyalardan istifadə edilməsidir. Gündəlik situasiyalar zamanı qazanilan biliklər çox faydalıdır, ona görə ki, bu situasiyalar:
1. Təkrarlanandır.
2. Burada mütləq birgə fəaliyyət var.
3. Ailə üzvlərinin hər biri bu işdə iştirak edə bilər.
4. Bir fəaliyyət zamanı bir neçə şey öyrənmək olar.
5. Uşaq bilavasitə onu əhatə edən mühiti ətraflı öyrənir.
Nitqi gecikmiş uşaqlarla işi bir az fərqli istiqamətdə başlamaq daha məqsədəuyğundur. Bu uşaqlarla sözlərdən, anlayışlardan daha əvvəl müxtəlif mənalı şəkillərin, əşyaların, heyvanların və s. səsləndirilməsindən başlamaq olar. Bunun üçün ona hər səsə uyğun şəkil və ya əşya təqdim olunur və bu şəkilə, əşyaya uyğun səs çıxartmaq təklif olunur. Bu məşğələ həm də şəkil üzrə danışmaq və oxumaq prosesinin başlanğıcı üçün çox faydalıdır.
Arı səsi vzzzzzz
Küləyin səsi v-v-v-v
Yemək yeyirmiş kimi am-am-am, nam-nam-nam
Müxtəlif heyvan səslərinin çıxarılması və s.
Bu səsləri çıxarmaq uşağa həm maraqlı gəlir, həm də söz deməkdən daha rahat gəlir. Bu kimi bir çox səsləri təqlid etməyi öyrənmiş uşaq sözləri daha rahat mənimsəyir və istifadə etməyə başlayır.