Nitqin yaranma merheleleri hansilardir?
Nitqin yaranması 4 mərhələyə ayrılır.
- 1. Nitqə hazırlıq mərhələsi. (1 yaşa qədər dövrü əhatə edir)
- 2. Məktəbəqədər yaş dövründən qabaqkı mərhələ ( 1-3 yaş)
- 3. Məktəbəqədər mərhələ (3-7 yaş)
- 4. Məktəb dövrü (7-17 yaş)
Qısaca bu mərhələlər haqqinda məlumat verək.
1-ci mərhələ hazırlıq mərhələsi adlanır.
Bu dövrdə uşağın anadan olmasından sonra səs reaksiyaları: qışqırıq, ağlama, qığıldama və s səslərdir. Bu səslər nitq səslərindən fərqli olsalar da nitq aparatının nəfəs, səs və artikulyasiyanın formalaşmasına kömək edir. Daha sonra uşaq yamsilamaqla ayrı-ayrı hecaları təkrar etməyə başlayır. Beləliklə tədricən nitqin bütün elementlərinə: fonem, ton, temp, ritm, melodiklik və intonasiya hazırlıq mərhələsində yaranmalıdır. İlk sözlərin meydana gəlməsi ilə hazırlıq mərhələsi bitir və fəal nitqin yaranması başlayır.
2-ci mərhələdə uşaqda ətrafdakıların artikulyasiyasına xüsusi diqqət yaranır. İlk sözləri ümumi məna xaraktəri daşıyır. Məsələn pişik sözü ilə pişiyi gördüyünü, istədiyini və ya qorxduğunu bildirə bilər. Buna görə də situasiyadan asılı olaraq uşağı başa düşmək olar. Belə nitq situasiyalı nitq adlanır və jest mimika ilə daha aydın başa düşülür. 3 yaşın əvvəlində uşaqda nitqin qrammatik quruluşu formalaşmağa başlayır. 3 yaşın sonunda uşaqlar isimləri tək və cəmdə, felləri şəxs, kəmiyyət və zamana görə dəyişə bilməlidir.
3-cü mərhələ məktəbəqədər yaş dövrüdür. Bu mərhələdə aşağıdakı səslərin düzgün olmayan tələffüzü müşahidə edilə bilər və qüsur sayılmır. (s, j, ş, z, f, v, c, y) Bu mərhələdə uşaqlarda öz tələffüzünə eşitmə vasitəsiylə nəzarət etmək və onu duzəltmək vərdişləri inkisaf edir. 4 yaşına uşaq sadə və mürəkkəb cümlələrdən istifadə edə bilir. 5 yaşında nitqin ən ağır növü morfoloji nitq formalaşmağa başlayır. Bu mərhələdə fonetik qavrama daha da artır. Nu mərhələdə uşaq nağılları, hekayələri nəql etməyi və başına gəlmiş hər hansı hadisəni təsvir edə bilməlidir.
4-cü mərhələ məktəb dövrüdür. Bu mərhələdə uşaqların nitq inkişafının xüsusiyyətləri digər mərhələlərdən fərqlənir. Məhz bu dövrdə nitqin yeni bir növü-yazılı nitq aparıcı rol oynamağa başlayır.Məktəb dövründə uşaq nitqinin məqsədyönlü yenidən qurulması baş verir.
Adı çəkilən mərhələlər arasında ciddi, dəqiq sərhədlər yoxdur. Bu mərhələlər biri digərinə rahatlıqla keçir və əvəzlənir.