Rotasizmin korreksiyası

Rotasizmin korreksiyası
3 İyun, 2023 Şahanə Nuriyeva

Rotasizmin korreksiyası

 

"r" səsi tələffüzünə görə mürəkkəb səslərdən biridir. Uşağın nitq inkişafı mərhələsində ən gec formalaşan səsdir. Dil öyrənmə və danışma prosesi uşaqdan uşağa fərqli olur. Amma ən gec 5 yaşda uşaq "r" səsini tələffüz edə bilmirsə, bu zaman artıq mütəxəssisə müraciət etmək lazımdir. Əgər anatomik qüsur yoxdursa mütəxəssisin məsləhəti ilə 6 yaşa qədər də gözləmək olar. Amma məktəbə gedənə qədər mütləq korreksiya olunmalıdır. Çünki uşaq tələffüz edə bilmədiyi hərfi öyrənməyə çətinlik çəkəcək və yazı prossesində də tələffüz etmədiyi hərfi yazmayacaq və ya tələffüzündə əvəzlədiyi hərfi yazacaq. Bu da öz növbəsində inşa, imla xətalarına gətirib çıxardacaq.

Rotasizm (r səsinin qüsurlu tələffüzü) müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərin biri də dilin altında qədəhin olmasıdır. Qədəh dilin ağızdakı hərəkətinə maneə törədir. Dili vibrasiya etməyə qoymur. "r" səsini qüsursuz tələffüz etmək üçün dil vibrasiya etməlidir.

Əgər uşaq 5 yaşında "r" səsini demirsə, loqopedə müraciət edilməlidir. Və loqoped müayinə etdikdən sonra ya korreksiyaya başlamalı, ya da hara lazımdır ora yönləndirməlidir. Məsələn, qədəh varsa, ilk öncə uşaq cərraha yönləndirilməlidir. Dilaltı qədəh çərtmə əməliyyatı edildikdən sonra loqoped öz işini görməlidir.

Bəzi halda valideynlər gözləyirlər ki, məktəbə getsin düzələr, öz- özünə keçər və s. Bu yanlış düşüncədir. Çünki dildə 6 yaşa qədər vibrasiya yaranmayıbsa ondan sonra da müdaxilə olmadan və ya maneə törədən səbəb aradan qalxmayınca öz-özünə yaranmayacaq.   Bundan əlavə uşaq böyüdükdən sonra bir çox halda qədəhi çərtmə əməliyyatı etmirlər.  Digər bir problem də odur ki, uşağın yaşı artdıqca dil əzələləri də nisbətən sərtləşməyə başlayır. Ona görə də dil gimnastikaları çalışmaları, dili vibrasiya etdirmək üçün etdiyimiz çalışmalar nisbətən gec nəticə verir.