Usaqlarda fiziki inkisafin lengimesi psixi inkisaflarına nece tesir edir?
Usaqlarda fiziki inkisafin lengimesi psixi inkisaflarina nece tesir edir? Bu sualı cavablandırmazdan öncə gəlin fiziki inkişafın həyatımızdakı roluna nəzər salaq. Fiziki inkişaf həyatımızda sadəcə müəyyən bir dönəmi əhatə etmir. Fiziki inkişaf doğum öncəsindən başlayır və ömür boyu davam edir. Bu inkişaf növü öz-özlüyündə müxtəlif mərhələlərə ayrılır.
Mövzumuzdan yayınmamaq məqsədi ilə həmin inkişaf dönəmlərini qeyd etmədən əsas diqqət etməli olduğumuz dönəmi nəzərinizə çatdırmaq istəyirəm:
Təməl hərəkətlər dönəmi (2-7 yaş). Bu dönəm öz-özlüyündə üç mərhələyə ayrılır:
- 2-3 yaş (başlanğıc mərhələsi)
- 3-5 yaş (formalaşma mərhələsi)
- 5-7 yaş (ustalaşma mərhələsi)
İlkin 2-3 yaş başlanğıc mərhələsində əsasən böyük motor bacarıqlarında aktivlik görülür. Yaş irəlilədikcə 5-7 yaş ustalaşma mərhələsində isə xırda motor bacarıqlarının inkişaf müşahidə olunur.
Həmin mərhələlərdə uşağın bacarmalı olduğu bir neçə hərəkətləri qeyd etmək istəyirəm:
2-3 yaş (balanğıc mərhələsi) - Düz xətt üzərində yeriyər, iki ayaqla yerində tullanar, topu iki əli ilə hədəfə atar, ayaqda durduğu yerdə sabit duran topa vurar, atılan topu bütün vücudu ilə tutar, fərqli istiqamətlərə yuvarlanar, topu iki əli ilə hədəfə atar,topu yerə vurub-tutar və s.
3-5 yaş (formalaşma mərhələsi) – 30 sm yüksəklikdən tullanar, maneələrin üzərindən iki ayaqla tullanar, balaca topu tək əl ilə atar, atılan topu əlləri ilə tutar, qaçaraq sabit topa ayaqla vurar, dairəvi xətt üzərində gəzər, galop (at yeriyişi) hərəkəti edə bilər və s.
5-7 yaş (ustalaşma mərhələsi) - Maneələr üzərindən qaçaraq tullanar, topu tək əl ilə çiyin üzərindən atar, müəyyən olunmuş bir məsafədə yerləşən hədəfi vurar, tək ayaq üzərində 9-10 saniyə dayanar, qələmi düzgün tutar, nümunəyə baxaraq 1-5 arası rəqəmləri yazar və s.
Qeyd etdiyim mərhələlərdə yaşın tələb etdiyi hərəkətlərdə əksiklik yaxud natamamlıq olduqda uşaqda fiziki ləngimə baş verir. Baş vermiş fiziki inkişaf ləngiməsi eyni zamanda psixi inkişafa mənfi təsir etməyə başlayır.
Fiziki inkişafın ləngiməsinin psixi inkişafa bir çox mənfi təsirləri var. Həmin mənfi təsirlərdən biri sosial inkişafla bağlıdır. Uşaq gündəlik həyat fəaliyyətində bir çox fiziki aktivliklər etmək məcburiyyətində qalır. Xüsusən parkda, bağçada, məktəbdə və s. həmyaşıdlarının çox olduğu yerlərdə fiziki inkişaf səviyyəsinin öz yaşlarına uyğun olmasına daha çox ehtiyac duyulur.
Baş verə biləcək bir situasiyanı təhlil edək. Məs: üç uşaq bir-birlərinə top ataraq oynamaq qərarına gəlirlər. Onlardan biri həmin inkişaf səviyyəsi aşağı olan uşaqdır və top ona gəldikdə topu tuta bilmir, yaxud tuta bilsə də ata bilmir. Həmin an psixoloji düşüş yaşayan uşağa üstəlik olaraq həmyaşıdları gülərək yaxud onunla oynamaq istəməyərək reaksiya verirlər. Bu və bunun kimi hallar adətən valideynlər tərəfindən yetərli diqqət göstərilməsə uşağın gələcək həyatına böyük mənfi izlər qoyur. Nəticədə özünü lazımsız və bacarıqsız hiss edən, yersiz qorxuları olan, fiziki və psixi olaraq zəif fərdlər yetişir. Bu kimi halların qarşısını almaq üçün valideyn olaraq məsuliyyətli davranaraq övladlarımızın fiziki inkişaf səviyyələrinə ən azı psixi inkişafları qədər diqqət yetirməliyik. Yaxşı olar ki, övladlarımızı mütəxəssis yoxlamasından keçirdərək fiziki vəziyyətlərini müəyyən edək.