Usaqlarin ugurlarinin qiymetlendirilmesi

Usaqlarin ugurlarinin qiymetlendirilmesi
1 iyn, 2023 Şahanə Nuriyeva

Usaqlarin ugurlarinin qiymetlendirilmesi

 

Bəzən məndən soruşurlar ki, videolarda tez-tez sanki istədiyini almış kimi, uşağa "ay sağ ol", "afərin" kimi ifadələr işlədirsən. Halbuki kənardan baxanda elə görünmür. Yəni, uşaqdan sənin istədiyini aldığın kənardan hiss olunmur. Sanki nəticə alırmış kimi uşağı tələm-tələsik yola verirəm. Burda bir neçə nüans var. İstəyirəm bu məsələyə aydınlıq gətirim.

1. Bu uşaqların ən kiçik irəliləyişi belə, onlarla işləyən müəllimlər üçün çox böyük uğurdur. Onlarda olan azacıq fərq belə bizi çox sevindirir və ən çox ona görə, sevindiyimizdən o reaksiyanı veririk.

2. Heç danışmayan bir uşaq danışmağa başlayanda sözü bizim tələffüz etdiyimiz kimi səlis tələffüz edə bilməz. Ona görə ki, həm birdən-birə danışığa dili yatmır, həm də artikulyasiya aparatı nitqə yavaş-yavaş hazırlaşır. Buna görə də ilk vaxtlar o sözləri ancaq oxşadıb deyə bilər.

3. Bu zaman uşağa "düz demirsən", "elə demə, belə de" kimi ifadələr uşağın özgüvənini zədələyir. Uşaq səhv etməkdən qorxduğu üçün heç demək istəmir. Buna görə də uşaq necə desə də onu mükafatlandırmaq və bir də düzgün formada özümüz tələffüz edib ona göstərərək, "bir də de" demək lazımdır. Bu proses dəfələrlə təkrarlana bilər. Bu məsələyə çox həssaslıqla yanaşılmalıdır. 

Məsələn: uşağın "alma" demək əvəzinə "ama", "mən" demək əvəzinə "mə" deməsi belə bizim üçün böyük uğurdur və biz bu şəkildə qəbul edirik ilk başda.

Elə bu məsələ ilə bağlı yenə öz təcrübəmdən bir şey bölüşmək istəyirəm. Mərkəzimizdə bir uşaq var. Tam təmiz olmasa da nitqi var. Nə istədiyini, nə istəmədiyini özü ifadə edir. Hətta keçən gün deyirəm "Hüseyn gəl səni öpüm" deyir "yox". Yəni anlama-qavraması yaxşıdır. Nitqi kifayət qədər var. Amma hələ də deyə bildiyi sözləri ucadan deyir. Nəyi yaxşı deyə bilmirsə onu çox yavaş, eşidilməyəcək tərzdə deyir. Həmin sözü onunla işləyərkən ucadan deməsi üçün ilk öncə onu inandırmaq lazımdır ki, o həmin sözü doğru desin. Bu zaman doğrudan da ucadan deyir və getdikcə səlis tələffüz edir.

 

Bu səbəblər çox və müxtəlif ola bilər. Videoları izləyərkən bu və ya digər səbəbləri də nəzərə almaq lazımdır.